İngiltərə hökuməti birdəfəlik siqaretlərin qadağan ediləcəyini bildirib
Bakı, 29 yanvar, AZƏRTAC
Böyük Britaniya hökuməti siqaret çəkən gənclərin sayının artmasına qarşı mübarizə planlarının bir hissəsi olaraq birdəfəlik istifadə üçün nəzərdə tutulan siqaretlərin qadağan ediləcəyini bildirib.
AZƏRTAC “Reuters”a istinadla xəbər verir ki, İngiltərədə uşaqlara və yetkinlik yaşına çatmayanlara siqaret satışının qarşısını almaq üçün əlavə tədbirlər tətbiq ediləcək.
Siqaret və Sağlamlıq üzrə Fəaliyyət xeyriyyə təşkilatının rəqəmləri göstərir ki, 2020-ci ildə 11-17 yaşlı uşaqların 4,1 faizi müntəzəm və ya arabir elektron siqaret çəkirdilərsə, indi nəticə 7,6 faiz təşkil edir.
Hökumətin bildirdiyinə görə, qadağanın bütün Böyük Britaniyada tətbiq ediləcəyi gözlənilən hadisə idi.
Baş nazir Rişi Sunak: "Hər bir valideynin və müəllimin bildiyi kimi, hazırda ən narahatedici tendensiyalardan biri də uşaqlar arasında veypinqin artmasıdır və buna görə də bu, endemik hala gəlməmişdən öncə hərəkətə keçməliyik", - deyə o bildirib.
Qadağanın nə vaxt tətbiq olunacağı hələ bəlli deyil, lakin bu ətraf mühitin mühafizəsi üçün nəzərdə tutulmuş mövcud qanunvericilikdən istifadə etməklə həyata keçirilə bilər.
Məlumatda qeyd olunub ki, vaxt təsdiqləndikdən sonra pərakəndə satışçılara bunu həyata keçirmək üçün altı ay veriləcək.
Hökumət həmçinin mağazalarda doldurula bilən siqaretləri uşaqların şirniyyat kimi ala biləcəkləri digər məhsullardan uzaqda, görmədiyi yerdə nümayiş etdirməyin vacib olduğunu bildirib.
Yetkinlik yaşına çatmayanlara satışı dayandırmaq üçün isə İngiltərə və Uelsdə uşaqlara qeyri-qanuni siqaret satan mağazalara əlavə cərimələr tətbiq ediləcək.
Respondentlərin, demək olar ki, 70 faizi birdəfəlik elektron siqaretlərin qadağan edilməsini dəstəklədiyini söyləyib.