İNNOVASİYA VƏ TƏCHİZAT MƏRKƏZİNDƏ MÜASİR LABORATORİYALAR AÇILMIŞDIR
İngiltərə, Almaniya və İsveçrədən gətirilən avadanlıqla təchiz olunmuş ümumi analiz, xromatoqrafiya və mikrobiologiya laboratoriyalarında dərmanlar müxtəlif parametrlər üzrə yoxlanılacaqdır. Nazir xəstəxana apteklərində hazırlanan tibb preparatlarının mütləq analiz edilməsi ilə bağlı tapşırıqlar vermişdir.
Aldıqları dərmanların keyfiyyətinə şübhə edən vətəndaşlar “qaynar xətt” vasitəsilə Mərkəzə müraciət edə bilərlər. Preparatların analizi onlar üçün pulsuz aparılacaqdır. Mərkəz kompyuter sistemi ilə də təchiz olunmuşdur və burada ölkəyə gətirilən dərmanlar barədə məlumat toplanacaqdır.
O.Şirəliyev jurnalistlərə bildirmişdir ki, dekabrın 16-da başlanacaq Səhiyyə günləri çərçivəsində bölgələrdəki tibb müəssisələrinə 200-ə yaxın təcili yardım maşınının verilməsi, 12 regionda təcili tibbi yardım məntəqəsinin açılması nəzərdə tutulmuşdur. Bu məntəqələrdə təcili cərrahiyyə əməliyyatları aparılacaq, travmatoloji yardım göstəriləcəkdir. Məntəqələrin əksəriyyəti Səhiyyə Nazirliyinin vəsaiti hesabına, dördü isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri boyunca bölgələrdə bp neft şirkəti tərəfindən tikilmişdir. İlin sonunadək Kürdəmir, Bərdə və Hacıqabulda xəstəxana və poliklinikalar, Bakıda isə əsaslı təmirdən sonra uşaq poliklinikaları açılacaqdır.
Həmin gün səhiyyə naziri və nazirliyin kollegiyasının üzvləri Respublika uroloji xəstəxanasında quraşdırılmış müasir rentgen avadanlığı ilə tanış olmuşlar.