“İNSAN ALVERİ VƏ ZORAKILIQLA MÜBARİZƏ HƏR BİRİMİZİN İŞİDİR” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda “İnsan alveri və zorakılıqla mübarizə hər birimizin işidir” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Gənclər və İdman, Daxili İşlər nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun əməkdaşları zorakılıq və insan alveri, bu hallara qarşı həyata keçirilən mübarizə tədbirləri barədə məlumat vermişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, zorakılıq şəxsin fəaliyyəti və iradəsinin məhdudlaşdırılması məqsədi ilə ona qarşı fiziki, mənəvi, psixoloji və digər hüquqazidd əməllərin işlədilməsidir. Ailə zorakılığı bunun ən geniş yayılmış formalarından biridir. Ailədəki zorakılıq halları cəmiyyətin demokratikləşməsinə mane olan amillərdəndir. Ailədə kişilərin narkotik maddələrdən istifadə etməsi, ərin və ya arvadın sədaqətsizliyi, maddi və sosial problemlər, yaranan anlaşılmazlıqlar sonda zorakılıq halları ilə müşahidə olunur.
Mütəxəssislər cəmiyyətdə zorakılığın qarşısının alınması üçün hüquq normalarına ciddi riayət edilməsini, insanların məişətdə, ailədə, iş və ictimai yerlərdə təhqirolunma risklərinin azaldılmasını, yüksək səviyyədə insani dəyərlərin formalaşmasını vacib saymışlar.
Konfransda qeyd olunmuşdur ki, Nazirlər Kabinetinin qərarı ilə ötən ilin yanvarında “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı”nın qəbul edilməsi və hazırda zorakılığa məruz qalan uşaq və qadınlara müvafiq dövlət və qeyri-hökumət təşkilatları tərəfindən hüquqi və psixoloji yardımların göstərilməsini, “Zorakılıq haqqında” yeni qanun layihəsinin hazırlanmasını və zorakılıq qurbanları üçün sığınacaqların təşkil edilməsini Azərbaycan hökumətinin bu problemə çox həssas yanaşması kimi qiymətləndirilməlidir.
Tədbir iştirakçılarına Prezident İlham Əliyevin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” barəsində ətraflı məlumat verilmişdir.
Natiqlər insan alverinin qurbanına çevrilən qadın və uşaqların təhlükəsizliyinin təmin edilməsi, onlara psixoloji və hüquqi yardımların göstərilməsi məqsədi ilə Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin fəaliyyət göstərdiyini, qaynar telefon xəttinin, təhlükəsizlik sığınacağının yaradıldığını diqqətə çatdırmışdır.
Konfransda mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılmış və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.