İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Layihədə hakimlər, prokurorlar və ədliyyə işçiləri üçün tədris seminarları keçirilməsinin, o cümlədən insan hüquqlarına dair beynəlxalq sənədlərin öyrənilməsinin təşkilinin, onların mətnlərinin azərbaycan dilinə tərcümə edilməsinin və həmin sənədlərin tətbiqində aidiyyəti işçilərin səriştəsinin artırılmasının, nazirliyin hüquq-tədris mərkəzinə texniki yardım göstərilməsinin nəzərdə tutulduğunu qeyd edən ədliyyə naziri, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatının yeni mərhələyə keçdiyini bildirmişdir. Nazir bu sahədə qanunvericiliyin əsaslı şəkildə təkmilləşdiyini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı yanvarın 19-da imzaladığı xüsusi Fərmanın əhəmiyyətini vurğulamışdır. Həmin Fərmana əsasən, ölkənin məhkəmə hakimiyyəti strukturunda mühüm dəyişikliklər edilməsi, yeni məhkəmələrin təşkili, hakimlərin sayının artırılması, insanların ədalət mühakiməsinə inamının gücləndirilməsi və vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, Ali Ədliyyə Məktəbinin yaradılması və digər mütərəqqi yeniliklər nəzərdə tutulur. Bununla əlaqədar, yeni layihə çərçivəsində əməkdaşlığın hakimlərin ixtisasının artırılmasına və digər vacib məsələlərin həllinə müsbət təsir göstərəcəyi qeyd olunmuşdur. Eyni zamanda, bildirilmişdir ki, layihənin icrası üzrə yerli Proqram müşavirinin təyin edilməsi və BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin layihədə fəal iştirakı onun uğurla yerinə yetirilməsinə təminat verir.
Cənab M.Borsotti təmsil etdiyi qurumun Azərbaycan hökuməti tərəfindən aparılan islahatlara böyük önəm verdiyini və xüsusilə, uğurla həyata keçirilən məhkəmə-hüquq islahatının ölkəmizin dünya birliyinə daha sıx inteqrasiya etməsində böyük rol oynadığını vurğulayaraq, yeni layihənin müvəffəqiyyətlə icrası üçün bütün imkanların səfərbər ediləcəyini bildirmişdir. O, həmçinin Əhalinin Dövlət Registrinin yaradılması ilə bağlı əməkdaşlığa dair razılaşma əldə olunmasını qeyd edərək, Ədliyyə Nazirliyinin digər sahələrdə də həyata keçirdiyi layihələrə BMT-nin maraq göstərdiyini və onları dəstəkləməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Ədliyyə nazirinin müavini Toğrul Musayevin də iştirak etdiyi görüşdə yeni layihənin icrası ilə bağlı konkret tədbirlər və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılmışdır.