İNTEL ŞİRKƏTİ İLƏ ƏMƏKDAŞLIĞA DAİR PROTOKOL İMZALANMIŞDIR
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN), İntel şirkəti, Azərbaycan Təhsil Nazirliyi və RİTN arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair protokol imzalanmışdır. Sazişə əsasən İntel şirkəti və Azərbaycan hökuməti tərəfindən təhsil, sürətli simsiz kommunikasiya texnologiyası, rəqəmsal səhiyyə üsulları və yüksək məhsuldarlıqlı hesablamalar sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi üzrə işlər yerinə yetiriləcəkdir.
İmzalanma mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov Kreyq Baretin Azərbaycana səfərinin gələcəkdə birgə əməkdaşlıq çərçivəsində vacib məsələlərin həll olunmasına kömək edəcəyini bildirmişdir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda informasiya texnologiyalarının inkişafı istiqamətində bir sıra layihələrin həyata keçirilməsinə görə İntel şirkətinə minnətdarlığını bildirmişdir. O, sazişin ölkədə informasiya və telekommunikasiya sahəsinin sürətli inkişafı üçün əlverişli şərait yaradacağını qeyd etmişdir. Ə.Abbasov İntel yerli şirkətlərlə informasiya texnologiyaları sahəsində əməkdaşlıq etdiyini bildirmiş, əhalinin daha geniş dairəsinin kompyuterlə təmin olunması məqsədi ilə həyata keçirilən “Xalq kompyuteri” layihəsi barədə danışmışdır.
Kreyq Baret İntel şirkətinin Azərbaycanda həyata keçirəcək layihələrin 5 istiqamətini qeyd etmişdir. O, bildirmişdir ki, informatika müəllimlərinin hazırlanması üzrə proqram hazırlanacaq, məktəblər kompyuterlərlə təmin olunacaq (2009-cu ildə İntel şirkəti Azərbaycan məktəblərinə tədris prosesində istifadə üçün nəzərdə tutulmuş İntel texnologiyası bazasında hazırlanmış ucuz qiymətli 1000 ədəd yarımfunksional Classmate PC tədris noutbuku verməyi planlaşdırır), “Xalq kompyuteri” layihəsi üzrə işlər davam etdiriləcək, Wi-Fi və WiMAX kimi yüksək sürətli simsiz qoşulma və informasiya texnologiyaları sahəsinin ən son yenilikləri tətbiq ediləcəkdir.
Protokolun imzalanmasından sonra Kreyq Baret mətbuat konfransı keçirmiş və jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
######
