“İnvestor” stimullaşdırıcı lotereyasının dördüncü tirajı keçiriləcək
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 15-də “Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, “Bakı Fond Birjası” QSC-nin və birjanın üzvü olan investisiya şirkətlərinin iştirakı ilə “İnvestor” stimullaşdırıcı lotereyasının dördüncü tirajı keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, dördüncü tirajda sentyabrın 14-dən etibarən Bakı Fond Birjasının üzvü olan, investisiya şirkətləri vasitəsilə korporativ istiqraz alan investorlar “İnvestor” stimullaşdırıcı lotereyasında iştirak hüququ qazanır və 1000 manat qazanmaq şansı əldə edir. Lotereyada iştirak etmək istəyən şəxslər investisiya şirkətinə müraciətini tamamlayıb və minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/avro valyutalarında istiqraz alışını sifariş verən, “Bakı Fond Birjası” QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak hüququnu qazanır.
“İnvestor” stimullaşdırıcı lotereyası martın 9-u və noyabrın 15-i aralıqlarında 4 tiraj şəkilində keçirilməkdədir. İlk tiraj mayın 10-da, ikinci tiraj iyulun 13-də, üçüncü tiraj isə sentyabrın 14-də baş tutub. Hər tirajda 3 qalib müəyyən ediləcək və hər qalib 1000 manat məbləğində mükafata sahib olacaq.