İnzibati icraçı vəzifələr üzrə test imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin qeydiyyatı başlayıb
Bakı, 23 aprel, AZƏRTAC
İnzibati icraçı vəzifələrə (B növ) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün aprelin 22-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün aprelin 23-dən mayın 4-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti (olduğu halda) sənədləri skan edilmiş surətləri formaya əlavə edilir.
Məlumatların və sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.