İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 10 may, AZƏRTAC
Mayın 13-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsinin növbəti mərhələsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 6 milyon AZN, nominal qiyməti 1000 АZN, hərrac qiyməti 1013.7500 AZN, faiz dərəcəsi 3 faiz, faiz gəlirinin ödəniş müddəti 180 gündür. İstiqrazlar 2041-ci il iyulun 31-də ödəniləcək. "PSG-Kapital İŞ" QSC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin olunacaq. Fondun ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) "Emitentlər" bölməsində yerləşdirilib.