İQOR PEÇENEV: MƏN AZƏRBAYCANIN TƏƏSSÜBKEŞİYƏM, AZƏRBAYCANI SEVİRƏM
Nəşrin redaktoru Reyhan Mirzəzadə qonaq haqqında məlumat verərək bildirmişdir ki, o, yazıçı, türkoloq, azərbaycanşünas və tarixçi alimdir. 2003-cü ildə Moskvada akademiklər Cəlal Əliyevin və Budaq Budaqovun “Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin “genosidi” kitabını da nəşr etmişdir.
İqor Peçenev jurnalistlərlə görüşdən məmnunluğunu bildirərək demişdir ki, mən Azərbaycanın təəssübkeşiyəm, Azərbaycanı sevirəm. Xatırlatmışdır ki, xalqımızla ünsiyyətdə olduğu qırx il ərzində M.F.Axundovun, S.Rəhimovun, S.Rəhmanın və başqalarının əsərlərini rus dilinə tərcümə etmişdir. Türk yazıçısı Rəşad Nuri Güntəkinin “Çalı quşu” romanı onun tərcüməsində Rusiyada beş dəfə, üst-üstə iyirmi milyon tirajla nəşr olunmuşdur. Tarixçi kimi Türkiyə tarixini, türk-erməni, Türkiyə-Rusiya münasibətlərini tədqiq etmiş, əlbəttə, Azərbaycan tarixi ilə də məşğul olmuşdur.
Alim demişdir ki, Qarabağ probleminin Azərbaycanın ən əsas problemi olduğunu bilir və bu barədə Prezident Heydər Əliyevin sözlərini yaxşı xatırlayır. Qarabağ problemi həm də Rusiyanın ciddi problemidir. Çünki Rusiyada çoxlu türkdilli xalqlar yaşayır və onlar Azərbaycan torpaqlarının daşnak işğalından azad olunmasını istəyir, məsələnin həlli istiqamətində görülən işləri, həyata keçirilən tədbirləri diqqətlə izləyirlər. Mən müxtəlif illərdə dəfələrlə Dağlıq Qarabağda olmuşam, regionun əhalisi ilə yaxından tanışam. Ona görə də Azərbaycanı sevən bir adam kimi söz deməyi özümə borc bilmişəm. Haqqında danışılan kitabın Moskvada rus dilində nəşri də elə bu istəkdən irəli gəlmişdir. Məqsəd həmin əsərin MDB məkanında yayılması idi.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətləri (KHVTİC) Respublika Şurasının sədri general Sərdar İsrafilov Azərbaycanın haqq işinin dünyaya yayılmasına göstərdiyi sanballı köməyə və tarixi faktlara sadiqliyinə görə İ.Peçenevə minnətdarlığını bildirmişdir.
Münaqişənin həllinə münasibət barədə jurnalistlərin sualına cavab verən alim demişdir ki, məsələ mürəkkəbdir və çoxsaylı problemlərə dirənir. Moskvada yüksək dairələrdə, radio və televiziyada erməniləri, daşnak liderlərini dəstəkləyənlər çoxdur, erməni təbliğatının, dezinformasiyasının əsiri olanlar kifayət qədərdir. Ermənistan silahlanma səviyyəsinə görə MDB-də Rusiya, Ukrayna və Belarusdan sonrakı yeri tutur. Onun silahlanmasında Rusiyanın aşkar rolu hər birimizə məlumdur. Əsil tarixçilər bilirlər ki, Qarabağ Azərbaycanın ərazisidir, Stepanakert Xankəndidir. Azərbaycan siyasətçiləri, alimləri, jurnalistləri məsələnin sülh yolu ilə həllində öz hökumətlərinə yaxından kömək etməlidirlər. Rusiya Prezidenti Azərbaycanla dostluq etməyin zəruriliyini başa düşür. Lakin bizim Moskva, bütün TV və qəzetlər ermənilərlə doludur. Beş ən ciddi televiziya kanalı Marqarita Simonyanın nəzarəti altındadır. Bu adamlar Dağlıq Qarabağı Azərbaycandan qoparmağı qarşılarına məqsəd qoymuşlar. Ancaq bunu bacarmayacaqlar.
İqor Peçenev əmin etmişdir ki, türk-erməni, azərbaycanlı-erməni münasibətlərini yaxşı bilən araşdırıcı kimi bundan sonra da bu barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında səyini əsirgəməyəcəkdir.