İQTİSADİ ƏLAQƏLƏRİN İNKİŞAFI ÜÇÜN İMKANLAR VAR
Heydər Babayev qonaqlara əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə ətraflı məlumat verdi. O dedi ki, iqtisadiyyatın aparıcı sahəsi olan neft-qaz sektorundakı uğurlar digər sahələrin də sürətlə inkişafına imkan yaratmışdır. 2005-ci ildə ümumi daxili məhsulun artımı 26,4 faiz olmuşdur və bu baxımdan Azərbaycan nəinki MDB məkanında, eləcə də dünyada liderdir. Ölkəmiz beynəlxalq maliyyə qurumları və iqtisadi təşkilatlarla səmərəli əməkdaşlıq edir. Hazırda Azərbaycan Dünya Ticarət Təşkilatına daxil olmaq prosesinin həlledici mərhələsinə qədəm qoymuşdur.
Azərbaycan 130-dan çox ölkə ilə ticarət əməliyyatları aparır, həm də ixrac-idxalın strukturunda əhəmiyyətli dəyişikliklər baş verməkdədir. Ötən il qeyri-neft məhsullarının ixracı 2004-cü illə müqayisədə 61 faiz artmışdır. İdxalda yeni texnologiyaların, maşın və avadanlığın xüsusi çəkisi ildən-ilə yüksəlməkdədir.
H.Babayev Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısının artırıldığını, 2005-ci ildə ÜDM-də özəl bölmənin xüsusi çəkisinin 76,5 faiz təşkil etdiyini də bildirərək dedi ki, bu il dövlət büdcəsindən sahibkarlara ayrılacaq güzəştli kreditlərin həcmi təxminən 2 dəfə çox olacaqdır.
Daha sonra H.Babayev vurğuladı ki, Polşa ilə Azərbaycan arasında ticarət əlaqələri hələ arzuolunan səviyyədə deyildir. Belə ki, 2005-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi cəmi 22,6 milyon dollar təşkil etmişdir. Ölkəmizin zəngin təbii ehtiyatlara, böyük əmək resurslarına, sərmayə yatırımları üçün əlverişli şəraitə malik olduğunu xatırladan H.Babayev, polşalı iş adamlarını fəal əməkdaşlığa dəvət etdi, Polşanın iqtisadiyyat nazirinin Azərbaycana səfərinin ticarət-iqtisadi əlaqələrin genişlənməsi baxımından əhəmiyyətli olacağına əminliyini söylədi.
Cənab Pyotr Voznyak ölkəsində Azərbaycana böyük maraq göstərildiyini vurğuladı, qarşılıqlı ticarət-iqtisadi əlaqələrin inkişafında mövcud imkanlardan səmərəli istifadə edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirdi.
Görüşdə iqtisadi sahədə əməkdaşlığın inkişaf perspektivləri geniş müzakirə olundu.