REGİONLAR
İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ İKİNCİ REGİONAL SEMİNARI ÖZ İŞİNİ DAVAM ETDİRİR
AZƏRTAC xəbər verir ki, mayın 31-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) toxumçuluğun tənzimlənməsinin ahəngdarlığı üzrə II regional seminarı öz işini davam etdirmişdir.
Seminarda Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanın toxumların keyfiyyətinə nəzarət və onların sertifikatlaşdırılması məsələləri üzrə məsul nümayəndələri çıxış etmişlər.
Mayın 30-da işinə başlamış seminarın birinci iş günündə tədbir iştirakçıları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimləməsi şöbəsinin müdiri Sabir Vəliyevin problemlə bağlı çıxışını maraqla dinləmişdilər. Natiq qonaqlara respublikamız, dövlət toxum müfəttişliyi, onun 56 regional qurumu, 18 nəzarət-toxum pambıqçılıq laboratoriyaları barədə ətraflı məlumat vermişdi. Bildirmişdi ki, hər il müfəttişliklərdə 900-dən artıq, laboratoriyalarda isə 587 toxum nümunəsi testdən keçirilir. Ölkəmiz sort və toxum nəzarəti sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir.
S.Vəliyev müstəqillik illərində toxumçuluq sahəsində fəaliyyətin tənzimlənməsi üçün qanunvericilik bazası yaradıldığını, hüquqi-normativ aktların qəbul edildiyini diqqətə çarpdırmış, eyni zamanda laboratoriyaların heç də hamısının müvafiq avadanlıqlarla, dövlət müfəttişliyi orqanlarının isə kifayət qədər nəqliyyat vasitəsilə təmin edilmədiyini vurğulamışdı. Bildirmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi maliyyələşdirmə ilə bağlı zəruri müvafiq layihələr hazırlamış və Nazirlər Kabinetinə təqdim etmişdir.
İkinci iş günündə müzakirələrdə çıxış edənlər toxumların sertifikatlaşdırılması üzrə tənqidi fikirlərini söyləmiş, ahəngdarlıq sahəsinin müəyyənləşdirilməsinə dair rəy və təkliflərini bildirmişlər.
Seminar iyunun 1-də öz işini davam etdirəcəkdir. Həmin gün toxumların sertifikatlaşdırılmasının ilkin regional sxemi planının qəbul ediləcəyi gözlənilir.