SİYASƏT
İQTİSADİ İNKİŞAF NAZİRLİYİNDƏ MƏTBUAT KONFRANSI
Sentyabrın 6-da iqtisadi inkişaf naziri Fərhad Əliyev mətbuat konfransı keçirmişdir.
Nazir tədbiri açaraq bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişafın bütün istiqamətlərində öz müsbət nəticələrini vermişdir. O, makroiqtisadi göstəricilərdən danışaraq dedi ki, 1996-2001-ci illər ərzində ölkənin ümumi daxili məhsulu (ÜDM) 154 faiz artmışdır. Ötən il iqtisadiyyatda qeyri-dövlət sektorunun payı 71 faizə çatmış, büdcə kəsiri 1-2 faizə endirilmiş, milli valyuta sabitləşdirilmişdir. Son 6 ildə xarici ticarət dövriyyəsi 2,3 dəfə, pərakəndə əmtəə dövriyyəsi 1,6 dəfə artmışdır.
Cari ilin yanvar-iyul aylarında ÜDM 9 faiz, sənaye istehsalı 2,1 faiz, kənd təsərrüfatı istehsalı 4,4 faiz artmış, inflyasiya 2,4 faiz olmuşdur.
Sonra Fərhad Əliyev Azərbaycanda energetika sahəsində aparılan islahatlardan, özəlləşdirmənin gedişindən, sərmayə siyasətindən danışdı. O vurğuladı ki, “2002-2005-ci illərdə orta sahibkarlığın inkişafına dair dövlət proqramı” haqqında Prezident Fərmanı orta sahibkarlığın inkişafına böyük təkan verəcəkdir.