İrakli Şatakişvili: “Gürcü Arzusu” partiyası Gürcüstanda sülhü qoruyub saxlayan siyasi qüvvədir
Tbilisi, 17 oktyabr, AZƏRTAC
Gürcüstanın Avropaya inteqrasiyası, onun Avropa seçimi hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi komandası tərəfindən heç vaxt ikinci plana keçirilməyib və bu gün də bizim üçün prioritetdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan parlamentinin deputatı İrakli Şatakişvili söyləyib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti 2017-ci ildə xalqın Avropanı seçməsini konstitusiya ilə təmin etdi. Bu da müstəqil Gürcüstan tarixində Avropaya doğru atılan bütün real addımlar kimi, “Gürcü arzusu”nun hakimiyyətdə olduğu dövrdə baş verən ən mühüm hadisələrdən biridir.
Deputat deyib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca müxalifət və psevdoliberal, psevdo-Avropa qüvvələrinin getdikcə daha da gərginləşən isterik, qeyri-dövlət tonu hakim siyasi komanda üçün təəccüblü deyil. Həmin qüvvələrin son illər fəal şəkildə yaydıqları Gürcüstanla bağlı heç bir real əsası olmayan, saxta məlumatlar, Rusiyada mövcud olmayan bəzi qanunlar haqqında rəvayətlər, Gürcüstan əhalisini aldatmağa cəhd göstərmələri yalnız onu göstərir ki, bu insanların əsl Avropa dəyərlərinə heç bir aidiyyəti yoxdur, onlar ölkəmizin dinc və sabit inkişafının əleyhinədirlər. Biz seçkilər öncəsi əhali ilə fəal əlaqə saxlayırıq. Gürcüstan xalqının əksəriyyətinin tələblərinin nədən ibarət olduğunu dəqiq bilirik.
İ.Şatakişvili diqqətə çatdırıb ki, “Gürcü Arzusu” 12 illik hakimiyyəti dövründə Gürcüstanda sülhü qoruyub saxlayan siyasi qüvvədir. 1990-cı illərdən indiyədək ölkəmiz dəfələrlə silahlı münaqişə yaşayıb, ərazilərimizin 20 faizi hələ də işğal altındadır və sülhün qiymətini əhalimiz hamıdan yaxşı bilir.
“Biz ölkənin sabit və dinc inkişafını davam etdirməli və əsl Avropa dəyərləri ilə ləyaqətlə, maksimum tolerantlıqla, şəffaf siyasi proseslərlə, inkişaf etmiş şəhər və kəndlərlə Avropa ailəsinə daxil olmalıyıq. Budur əsl Avropa dəyərləri. Bir daha demək istəyirəm ki, ölkəmizin Avropaya inteqrasiyası əhalimizin konstitusiya qərarıdır və bu qərar dəyişməyəcək”, - deyə deputat vurğulayıb.
Gürcüstan yaşayan etnik azlıqlara, xüsusən də azərbaycanlılara münasibətdən danışan deputat qeyd edib: “Gürcülər və azərbaycanlılar tarixən qardaş xalqlardır. Ölkəmizdə, o cümlədən nümayəndəsi olduğum şəhər və rayonda çoxlu azərbaycanlı yaşayır və onlarla birlikdə Gürcüstanın gələcəyini yaradırıq”.
“Gürcü Arzusu”nun əsas prioritetlərindən biri bütün Gürcüstan vətəndaşları üçün bərabər şərait yaratmaq olduğunu deyən deputat əminliklə bildirib ki, 26 oktyabr seçkilərində inamlı qələbə qazandıqdan sonra bu siyasət, heç şübhəsiz, davam edəcək. “Gürcüstanla Azərbaycan arasında mehriban qonşuluq münasibətləri bundan sonra da inkişaf edəcək və biz birlikdə mütləq güclü region yaradacaq, Orta Dəhliz layihəsini həyata keçirəcək, həm Qərb, həm də Şərq istiqamətlərində iqtisadi əlaqələri gücləndirəcəyik”, - deyə İ.Şatakişvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi