İRAN PREZİDENTİ MƏHƏMMƏD XATƏMİ AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF NAZİRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqlardan və imzalanan sənədlərdən bəhs edən ali qonaq bildirdi ki, iqtisadi əlaqələrin genişlənməsinə xidmət edən sazişlər və memorandumlarla bağlı İqtisadi İnkişaf Nazirliyinin də üzərinə böyük məsuliyyət düşür. Cənab Xatəmi Bakıya səfərinin bəhrələrini hər iki ölkə xalqlarının tezliklə görəcəyinə ümidvar olduğunu söylədi.
Nazir Fərhad Əliyev İran Prezidentinin Azərbaycana səfərinin qonşu və dost ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafına xüsusi təkan verəcəyini vurğuladı.
Söhbət zamanı elektrik enerjisi, təbii qaz mübadiləsi, nəqliyyat sahəsində əməkdaşlıq və bir sıra digər mühüm layihələrin həyata keçirilməsini əhatə edən sənədlərin imzalanmasının ölkələrimizin bir-birinə daha da yaxınlaşması üçün əsaslı zəmin yaratdığı diqqətə çatdırıldı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi oldu.