İRAN PREZİDENTİ MƏHƏMMƏD XATƏMİ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETMİŞDİR
Nazir Elmar Məmmədyarov ali qonağı respublika hökuməti adından salamladı.
Söhbət zamanı İran Prezidentinin ölkəmizə səfərinin yüksək səviyyədə keçdiyi razılıq hissi ilə qeyd olundu. Aparılan danışıqların və imzalanan sənədlərin hər iki ölkənin xalqlarının mənafeyinə xidmət edəcəyi xüsusi vurğulandı.
İran Prezidenti Məhəmməd Xatəmi səfər təəssüratlarından danışarkən dedi ki, Azərbaycana səfər etmək və dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsini yad etmək mənim çoxdankı arzum idi və şükürlər olsun ki, bu istəyim reallaşdı. Cənab Xatəmi Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşlərini heç vaxt unutmayacağını vurğuladı.
Azərbaycana səfərini yüksək qiymətləndirən Prezident Məhəmməd Xatəmi aparılan danışıqlar zamanı iki ölkə rəhbərlərinin və xalqlarının arzusunu ifadə edən məsələlərin həlli baxımından Bakı səfərinin xüsusi əhəmiyyəti olduğunu bildirdi.
Görüşdə vurğulandı ki, İran rəhbərinin Azərbaycana rəsmi səfərini ölkələrimiz arasında münasibətlərin inkişafında dönüş nöqtəsi adlandırmaq olar.
Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.