İranda terror aktı törədənlər həbs edilib
Bakı, 7 yanvar, AZƏRTAC
İranın cənub-şərqindəki Kirman şəhərində bu yaxınlarda törədilmiş terror aktında iştirak edən bütün terrorçular həbs edilib. AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə şəhər prokuroru Mehdi Bəxşi bildirib. O, telekanalların birinə müsahibəsində qeyd edib ki, “Kirmandakı terror cinayəti işi ilə bağlı 32 nəfər həbs edilib və ilkin istintaq aparılır”. Bundan başqa, ədliyyə rəsmisi əlavə edib ki, "bütün Kirman vilayəti ərazisində daha güclü 16 bomba aşkar edilib.
Son məlumatlara görə, general Qasım Süleymaninin qətlə yetirilməsinin dördüncü ildönümü münasibətilə keçirilən mərasim zamanı törədilən partlayışlar nəticəsində 91 nəfər, o cümlədən 78 iranlı və 13 əfqan ölüb, 286 nəfər yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır.
Prokuror Bəxşi hücum zamanı istifadə edilən partlayıcı qurğuların zibil qutularına qoyulması və uzaqdan işə salınması ilə bağlı şayiələri rədd edərək, hər iki partlayışın terrorçu kamikadzelər tərəfindən törədildiyini deyib. Terrorçuların şəhidlərin dəfn olunduğu qəbiristanlığın içərisinə heç bir partlayıcı maddə yerləşdirə bilmədiyini vurğulayan prokuror əlavə edib ki, son aylar ərzində Kirman vilayətində intihar hücumları etməyə hazır olan 23-ə yaxın İŞİD üzvü həbs edilib. O, builki tədbirin qabaqlayıcı təhlükəsizlik tədbirləri ilə yadda qaldığını və daha çox təhlükəsizlik qüvvələrinin yerləşdirildiyini, eyni zamanda termal kameralar və PUA-lardan geniş istifadə edildiyini bildirib.