CƏMİYYƏT
İrandan Azərbaycana kimyəvi maddə gətirilməsinin qarşısı alınmışdır
Bakı, 13 avqust (AZƏRTAC). Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Jafarpour Bayramalının idarə etdiyi “Scania” markalı sərnişin avtobusunun yükləri “Heiman X-Ray” rentgen qurğusunda yoxlanılarkən sürücünün gömrük nəzarətinə təqdim etdiyi 2 ədəd karton qutudan hər birində 2,5 litr olmaqla, cəmi 7 ədəd - üzərində “Sulfuric Acid” sözləri və “H2SO4” kimyəvi formulu yazılmış plastik qablarda maye halında maddə aşkar edilmişdir.
Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat vermişlər.
J.Bayramalı bildirmişdir ki, sözügedən kimyəvi maddəni ona İranın Təbriz şəhərində Mehzad adlı bir İran vətəndaşı verərək onu Bakıda Yelena adlı bir şəxsə çatdırmağı xahiş etmişdir.
“H2SO4” (sulfat turşusu) kimyəvi formullu maddə Azərbaycan ərazisində prekursor sayıldığı üçün onun idxalı, ixracı və tranzit nəql edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq həyata keçirilməlidir.