İRAQ ƏTRAFINDA YARANMIŞ VƏZİYYƏTLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASI XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI
Azərbaycan qonşu regionda yerləşən İraq ətrafında vəziyyətin inkişafını dərin həyəcan və narahatlıqla izləməkdə davam edir.
Beynəlxalq hüququn normalarına və prinsiplərinə dönmədən əməl edən Azərbaycan İraqı BMT Təhlükəsizlik Şurasının müvafiq (678, 687, 1441 nömrəli) qətnamələrindən irəli gələn tələbləri tam şəkildə yerinə yetirməyə bir daha çağırır.
Azərbaycan İraqa dair tədbirlər barəsində BMT Təhlükəsizlik Şurasında birliyin olmamasından dərin təəssüf keçirdiyini bildirərək, hesab edir ki, dünya birliyi üzvləri tərəfindən BMT Təhlükəsizlik Şurası qətnamələrinə əməl olunmasına yönəldilmiş qəti tədbirlər beynəlxalq sülhün və təhlükəsizliyin saxlanmasında BMT-nin rolunu və əhəmiyyətini möhkəmləndirəcəkdir.
Ermənistan Respublikası tərəfindən davam etməkdə olan təcavüz və silahlı işğal nəticəsində beynəlxalq hüququn normaları və prinsiplərinin kobudcasına tapdanmasının qurbanına çevrilmiş Azərbaycan təkidlə dünya birliyinin bütün üzvlərini, Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının məlum (822, 853, 874, 884 nömrəli) qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsi də daxil olmaqla, yuxarıda göstərilən normalara ciddi şəkildə əməl etməyə çağırır.
Azərbaycan terrorizmin bütün formalarına və təzahürlərinə qarşı mübarizədə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın fəal iştirakçısıdır.
Nüvə tərksilahı və kütləvi qırğın silahlarının yayılmaması sahəsində bütün mühüm beynəlxalq hüquqi sənədlərin iştirakçısı olan Azərbaycan öz xarici siyasətini həmin prinsiplərə ciddi şəkildə əməl edilməsi əsasında qurur və praktiki addımlar atır.
Azərbaycan beynəlxalq koalisiyanın İraq böhranının tez bir zamanda həllinə yönəldilmiş səylərini dəstəkləyir və İraqda hərbi əməliyyat aparılarkən beynəlxalq humanitar hüququn müddəalarına dəqiq əməl olunmasına təkidlə çağırır.
Azərbaycan münaqişədən sonrakı İraqın humanitar baxımdan reabilitasiyasında iştirak etməyə hazır olduğunu bildirir.