İraqlı tələbələrin Azərbaycan universitetlərində təhsil imkanları müzakirə olunub
Bakı, 6 avqust, AZƏRTAC
İraqın Ali Təhsil və Elmi-Tədqiqat Nazirliyinin Xaricdə təhsil departamentinin rəhbəri Ali Kamil Sadeq al-Saffar və həmin ölkənin Bakıdakı səfirliyinin birinci katibi Huthaifa Mahmoud Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
Azərbaycan-Fransız Universitetindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizin Təhsil Nazirliyinin Ali təhsil şöbəsinin müdiri Nicat Məmmədli, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Bayramov, UFAZ-ın Beynəlxalq əlaqələr üzrə departamentinin müdiri Kamil Piriyevin iştirak etdikləri görüşdə iraqlı qonaqlara təhsil müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Qonaqlar UFAZ-ın tədris şəraiti, universitetdə tədris olunan proqramlar və laboratoriyalarla tanış olublar.
Sonra iraqlı tələbələrin gələcəkdə Azərbaycan universitetlərində, o cümlədən UFAZ-da bakalavr və magistr pillələrində təhsil imkanları barədə fikir mübadiləsi aparılıb.