İrqçilik əleyhinə etirazlar öz yerində, lakin pandemiyanı da yaddan çıxarmaq olmaz
Budapeşt, 11 iyun, AZƏRTAC
Bu günlərdə bütün Avropa üzrə on minlərlə insan dünyanın müxtəlif guşələrində irqçiliyin təzahürlərinə qarşı kütləvi mitinqlərə çıxıblar.
AZƏRTAC xəbər verir ki, bir tərəfdən etirazçıların irqçiliyin və dözümsüzlüyün digər formalarının aradan qaldırılmasına dair ədalətli tələblərinə şərik olan tibb işçiləri, ilk növbədə, epidemioloqlar insanların hətta maskada olsalar belə, kütləvi şəkildə toplanmasının mümkün fəsadları səbəbindən həyəcan təbili çalıblar. Axı, həqiqətən də, kütləvi aksiyalar koronavirus infeksiyasının yayılmasına şərait yaradan əsas amillərdən biridir. Bu da acınacaqlı haldır ki, etiraz aksiyası iştirakçılarından heç biri sosial məsafə qaydalarını gözləmir (bu, mitinq zamanı necə mümkün ola bilər ki?), bəziləri isə (düzdür, belələri çox deyil), hətta maska belə taxmırlar. Bütün bunlardan əlavə, onlar uca səslə şüarlar deyərək, infeksiyanın daha çox yayılmasına səbəb olurlar.
Avropa İttifaqı məkanında hər gün bir neçə min yeni yoluxma halı qeydə alınır. Lakin qeydə alınmayan yoluxmaların sayı on dəfələrlə yüksək ola bilər. Həkimlər xəbərdar edirlər ki, əgər nümayişçilər dəstəsi arasında bircə nəfər yoluxan olarsa, o halda müəyyən vaxtdan sonra xəstəliyə tutulanların sayı yüzlərlə ola bilər. Bununla yanaşı, həkimlər gecə-gündüz növbədə olan və yorğunluqdan ayaq üstə dura bilməyən tibb işçilərinin əməyinə hörmət etməyə çağırırlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt