RƏSMİ XRONİKA
İSLAM KONFRANSI TƏŞKİLATININ ZİRVƏ TOPLANTISINDA
Toplantının açılışı ərəfəsində Azərbaycan dövlətinin başçısı Birləşmiş Ərəb Əmirliklərinin, İordaniyanın məlikləri və Küveyt əmiri ilə görüşmüş, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və regional münaqişələrin həlli ilə bağlı fikir mübadiləsi aparmışdır.
İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşü də Kasablanka şəhərində keçirilmişdir. Bu görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması məsələsinə dair qətnamə qəbul olunmuşdur. Həmin sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü kəskin şəkildə pislənilir, təcavüzkarın Azərbaycan ərazisində dinc vətəndaşlarımıza qarşı vəhşilik hərəkətləri bəşəriyyət əleyhinə törədilən cinayətlər kimi qiymətləndirilir.
İKT xarici işlər nazirləri görüşünün sənədində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 nömrəli qətnamələrinin dönmədən yerinə yetirilməsi, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan torpaqlarından, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması qəti surətdə tələb edilir, Azərbaycan Respublikasının suverenliyinə və bütövlüyünə hörmət bəsləmək Ermənistandan tələb olunur. Qətnamədə Ermənistanın Azərbaycana qarşı təcavüzünün BMT Təhlükəsizlik Şurası tərəfindən etiraf olunması, BMT-nin öz qətnamələrini yerinə yetirilməsinə təminat yaratmaq üçün lazımi addımlar atması, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzə son qoyulması barədə çağırış vardır. İKT bu məqsədlə BMT-də əlaqələndirilmiş fəaliyyət göstərməyi qərara alır. Sənəddə bir daha təsdiq edilir ki, zor gücünə ərazi ələ keçirilməsi yolverilməzdir.
Zirvə toplantısında həmin qətnamənin də müzakirə olunması və müvafiq qərar qəbul edilməsi nəzərdə tutulur. Ekspertlərin və diplomatların fikrincə, qətnamənin qəbul edilməsi ehtimalı böyükdür.
Zirvə toplantısının dekabrın 13-də keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev də çıxış etmişdir.