RƏSMİ XRONİKA
İSLAM KONFRANSI TƏŞKİLATININ ZİRVƏ TOPLANTISINDA
Xəbər verdiyimiz kimi, İKT-nin Zirvə toplantısında Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına dair qətnamə qəbul olunmuşdur. Həmin sənəddə Ermənistanın Azərbaycana təcavüzü kəskin surətdə pislənilmiş, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzə son qoyulması qətiyyətlə tələb edilmişdir. Digər qətnamədə İKT üzvü olan dövlətlər Azərbaycana humanitar yardımı artırmağa çağırılır.
Əfqanıstanın Prezidenti Rəbbani Azərbaycan jurnalistləri ilə müsahibəsində bildirmişdir ki, onun ölkəsi zor gücünə ərazi ələ keçirilməsini yolverilməz sayır. O qeyd etmişdir ki, Ermənistanın təcavüzkar siyasəti heç bir ölçüyə sığmır və Azərbaycan Respublikasının suverenliyinə qarşı qəsd kimi qiymətləndirilməlidir.
İKT-nin Zirvə toplantısı dekabrın 15-də öz işini başa çatdırmışdır. Görüşün iştirakçıları Azərbaycan Respublikasının Prezidentinə böyük ehtiram göstərmişlər: onların xahişi ilə Heydər Əliyev toplantının son iclasında yekun nitqi söyləmişdir.