İslam mədəniyyətində tolerantlıq və onun bəşər mədəniyyətinin inkişafında roluna dair elmi konfrans keçirilir
Bakı, 29 mart, AZƏRTAC
AMEA-nın Rəyasət Heyəti və ABŞ-ın Beynəlxalq İslam Fikri İnstitutunun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində tolerantlıq və onun bəşər mədəniyyətinin inkişafında rolu (Azərbaycan nümunəsi)” mövzusunda elmi konfrans keçirilir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçirilən tədbirdə Ukraynadan olan alimlər, Fəlsəfə və Ədəbiyyat institutlarının əməkdaşları iştirak edirlər.
Konfransı Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə açaraq Azərbaycanda multikulturalizmin tarixi ənənələrindən danışıb. Qeyd edib ki, tarixən ölkəmizdə müxtəlif xalqların və etnik qrupların nümayəndələri kimliyindən, dilindən, dinindən asılı olmayaraq sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıb, həmrəylik nümayiş etdiriblər. Multikulturalizm və tolerantlığın xalqımızın həyat tərzi olduğunu deyən İlham Məmmədzadə Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladıb, multikultural dəyərlərin respublikamızın dövlət siyasətinə çevrildiyini, bu istiqamətdə Bakıda beynəlxalq humanitar, mədəniyyətlərarası dialoq və forumların keçirildiyini diqqətə çatdırıb. O, Azərbaycan multikulturalizminin artıq dünyada modelə çevrildiyini, bir çox ölkələrin respublikamızın təcrübəsindən yararlandığını da vurğulayıb.
Ukrayna İslam Tədqiqatlar Mərkəzinin magistrantı Oleq Kuzik “Ukraynada dinlərarası münasibətlər və multikulturalizm” mövzusunda məruzəsində multikulturalizmin Azərbaycan modelinin Ukrayna üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə “Humanizm multikulturalizm kontekstində”, “Multikulturalizm fənlərarası anlayış kimi”, “Azərbaycanın multikulturalizm modeli: siyasi və fəlsəfi refleksiyaların kəsişməsində”, “Multikulturalizm dünən və bu gün”, “Azərbaycanda tolerantlıq: tarix və müasirlik”, “Mənəvi dəyərlər və multikulturalizm”, “Multikulturalizmin təhlilinə elmi-metodoloji yanaşma”, “Multikulturalizmin elmi-metodoloji aspektləri”, “Beynəlxalq münasibətlər və multikulturalizm”, Multikulturalizmin siyasi-iqtisadi aspektləri”, “B.Spinozanın panteizmi və müsəlman Şərqinin vəhdəti-vücud təlimi (müqayisəli təhlili)” və “Multikultural mühit və ədəbiyyat” mövzularında məruzələr dinlənilib.
Çıxış edənlər Azərbaycanda multikulturalizmin siyasi, fəlsəfi, iqtisadi aspektlərinin kifayət qədər öyrənildiyini, multikulturalizmin Azərbaycan modelinin postsovet məkanı üçün böyük fayda verə biləcəyini söyləyiblər. Qeyd olunub ki, multikulturalizm yalnız bir ölkənin daxili problemlərilə bağlı deyil, həm də xarici siyasi problemlərdə öz əksini tapmalıdır.
Konfrans öz işini martın 31-də başa vuracaq.