REGİONLAR
İsmayıllıda selin fәsadları aradan qaldırılır
İsmayıllı, 11 may, AZƏRTAC
Bir neçə gündür İsmayıllıya yağan aramsız leysan yağışları çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə Dəmirçi-Lahıc yolunun birinci kilometrliyində, Girdiman çayının Ərəgit kəndindəki hissəsində salınmış körpünün bəndlərinin ətrafı yuyulub, Bakı-Şamaxı-İsmayıllı avtomobil yolundan Sərdahar kəndinə gedən yolun 1,3 kilometrliyində isə torpaq uçqunu baş verib.
AZƏRTAC xəbər verir ki, uçqun nəticəsində yollardan istifadə məhdudlaşdırılıb. Problemin aradan qaldırılması üçün hadisə yerinə ağır texnika və işçi qüvvələri cəlb olunub. İsmayıllı Suvarma Sistemləri və Yol İstismar idarələrinin əməkdaşları Girdiman çayının məcrasında operativ bəndvurma işləri həyata keçiriblər. Sözügedən körpünün bəndləri üzərinə gələn su axınının istiqaməti dəyişdirilib, yuyulmuş hissələrdə bərkitmə işləri aparılıb.
Sərdahar yolunun dağılmasına səbəb olan suyun da istiqaməti dəyişdirilib, uçulmuş hissənin ətəyində bənd qurulur. Yol dağılmış hissədən 3 metr geri çəkilir. İşlərin günün sonuna kimi yekunlaşdırılması gözlənilir.