CƏMİYYƏT
İsmayıllıda yanğına qarşı təhlükəsizlik tədbiri görülməyən obyektin fəaliyyəti dayandırılıb
Bakı, 7 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən İsmayıllı şəhərində yerləşən üçmərtəbəli univermaqda yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu natamam quraşdırılıb və işlək vəziyyətdə deyil, təxliyə çıxışları və pilləkən qəfəsi əşyalarla tutulub. Həmçinin təxliyə çıxışlarını göstərən elektron lövhələr mövcud deyil və təxliyə planı yoxdur, obyektin daxili elektrik təsərrüfatında elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib və nasaz elektrik qurğularından, örtüyü zədələnmiş elektrik naqillərindən istifadə edilib. Bundan başqa, daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktik baxış keçirilərək naqillərin gərginliyə dayanıqlığı yoxlanılmayıb, obyekt normalara uyğun ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib. Mövcud daxili yanğın su kranları işlək vəziyyətdə deyil, obyektin birinci mərtəbəsi layihədənkənar taxta arakəsmələrlə otaqlara bölünərək istismar olunur, obyektin ticarət sıralarında ara məsafəsi normativlərə uyğun deyil. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, üçmərtəbəli univermağın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.