İsmayıllıdan Almaniyayadək uzanan döyüş yolu - 96 yaşlı müharibə veteranı danışır REPORTAJ VİDEO
İsmayıllı, 9 may, Rəşad Türkoğlu, AZƏRTAC
1924-cü ildə İsmayıllının Tircan kəndində anadan olan Balakişi Fətullayev 1941-ci ildən 1945-ci ilədək davam edən Böyük Vətən müharibəsi zamanı ordu sıralarına qatılan 700 minə yaxın azərbaycanlıdan biridir.
AZƏRTAC xəbər verir ki, 96 yaşlı Balakişi Fətullayev olduqca sağlam və gümrahdır, yaddaşına da söz ola bilməz. Ensiklopedik məlumata malik yaddaş boxçasını dəqiqliyinədək xatırlamağı və keçdiyi ömür yolunu maraqlı hekayət kimi vərəqləməyi bacarır.
Böyük Vətən müharibəsinin veteranı deyir ki, azərbaycanlılar müharibədə şücaətləri ilə seçiliblər. Hətta qızğın döyüşlərin birində xeyli sayda qüvvə ilə irəli atılsalar da, onların yalnız yarısı həmin döyüşdən sağ çıxıb. Vətənə qayıdanların da böyük əksəriyyəti bədənində güllə-qəlpə yarası, beynində müharibənin dəhşətli xatirələri ilə geri dönüblər.
“Almaniyayadək gedib çıxdıq, qalib gəldik, igid oğlanlarımız öz şücaətlərini göstərdilər, əsgərdən generala qədər yüksələn azərbaycanlılar da oldu. Buna baxmayaraq müharibəni pisləyirəm, çünki onun öz qanunları var. Böyükdən-kiçiyə hər kəsə zərər verir, illər keçsə də, ancaq acı günlər yaddaşlarda qalır. Biz hazırda da müharibə şəraitində yaşayırıq, mən bu yaşımda prosesləri izləyirəm və görürəm ki, Prezidentimiz də münaqişənin sülh yolu ilə həllinə çalışır. İnşallah bu problem də tezliklə həll olunsun və biz öz ərazi bütövlüyümüzü təmin edək”, - deyə o vurğulayır.
Döyüşlərdə göstərdiyi igidliyə və əmək fəaliyyətindəki uğurlarına görə dəfələrlə orden və medallar qazanan Balakişi baba, ona dövlətimiz tərəfindən hər zaman diqqət və qayğı göstərildiyini deyir.
Bu günlərdə pandemiya səbəbindən evdən çölə çıxmayan veteran döyüşçüyə Heydər Əliyev Fondu tərəfindən sovqat da göndərilib. Eyni zamanda, Ali Baş Komandan İlham Əliyev tərəfindən Qələbənin 75 illiyi münasibətilə medalla təltif olunan Böyük Vətən müharibəsi veteranına 1500 manat məbləğində birdəfəlik maddi yardım da verilib.