DÜNYA
İspaniya hökuməti böyük şəhərlərdə havanın çirklənməsinə qarşı mübarizə üzrə layihə hazırlayır

Madrid, 10 may, AZƏRTAC
İspaniya hökuməti böyük şəhərlərdə havanın çirklənməsinə qarşı mübarizə istiqamətində layihə hazırlayır. Layihə, eyni zamanda, elektromobillərdən istifadəni populyarlaşdıracaq. Bu proqram çərçivəsində 2030-cu ilədək şəhərlərdə şəxsi nəqliyyatdan istifadənin 35 faiz məhdudlaşdırılmasını nəzərdə tutan bir sıra tədbirlər hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu layihə paketinə alternativ hərəkət sistemlərinin populyarlaşdırılması daxil ediləcək. Bundan başqa, layihədə sürücülərin ödədiyi iki əsas vergiyə - nəqliyyatın mexaniki dartı qüvvəsinə və nəqliyyat vasitəsinin qeydiyyatına ödənilən vergilərə dərin islahatlar təqdim edilir. Hər iki halda Pedro Sançes hökuməti daxili yanma mühərrikinə malik olan nəqliyyat vasitələrinə vergini artırır. Bu, elektromobillərdən istifadəni stimullaşdırmaq məqsədi daşıyır.
Belə ki, nəqliyyat vasitələrinə qeydiyyat zamanı vergi hallarında (IEDMT) az yanacaq istifadə edən və ətraf mühiti az çirkləndirən nəqliyyat vasitələrinin sürücüləri daha az vergi ödəyəcəklər. Həmçinin atmosfer tullantıları miqdarının yeni kateqoriyası da tətbiq ediləcək.
Ölkənin Sənaye Nazirliyi 2021-ci ildə karbon qazı tullantıları miqdarının yeni kateqoriya sistemini tətbiq etməyi planlaşdırır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid