İşsiz vətəndaşların öz bizneslərini qurmaları üçün təlim keçirilir
Ağsu, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində Ağsuda təşkil olunan bir aylıq “Öz biznesinə başla təlimi” (ÖBBT) başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlər Beynəlxalq Əmək Təşkilatının təlimçisi Fariz Xəlilli tərəfindən Dövlət Məşğulluq Xidməti Ağsu rayon Məşğulluq Mərkəzinin təlim otağında keçilib. Təlimin seçim mərhələsində işsiz kimi qeydiyyatda olan 200 nəfərdən çox vətəndaş iştirak edib. Onlardan 22 nəfər təlim iştirakçısı kimi seçilib.
İki qrupda aparılan təlimlərdə əsas məqsəd iştirakçılarda biznes ideyanın formalaşdırılması və biznes-planın hazırlanması olub. İştirakçılara bazar seqmentinin mənimsənilməsi, GZİT analiz, marketinq araşdırmaları, aylıq satış və tədarük planları, gəlir və xərclər, nəğd pul axını, işçi seçimi, sərmayə xərcləri, ilkin kapitalın müəyyən edilməsi, hüquqi məsuliyyət kimi biznes fəaliyyətinə aid mühüm məsələlər öyrədilib.
İştirakçılar yaxın vaxtlarda hazırladıqları biznes planlarını müdafiə edəcəklər.
Yeni vətəndaşlar cəlb edilməklə təlimlər davam etdiriləcək. Ümumilikdə, Ağsu rayonunun şəhər və kəndlərdən 65 nəfərin bu təlimə cəlb olunması nəzərdə tutulur.