İstanbulda Cümhuriyyətimizin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib
İstanbul, 27 dekabr, AZƏRTAC
İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin (AMHB) təşkilatçılığı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər. Əvvəlcə Türkiyədə yaşayan gənc rəssamların əsərlərindən ibarət sərginin açılışı olub.
Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Açılışda çıxış edən Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Rəşid Mustafazadə, bu təşkilatın məsləhətçisi, İstanbul Universitetinin professoru Həlim Qazan tədbirin mahiyyəti barədə ümumi məlumat veriblər.
Diqqətə çatdırılıb ki, İstanbul Universitetində fəaliyyətə başlayan AMHB-nin əsas məqsədi azərbaycanlı gəncləri dəstəkləmək, onların özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, “Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkənin gəncləri ilə əməkdaşlığı təmin etməkdir.
Sonra Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov, İstanbul Universitetinin professoru Xəlil Bal və Balıkesir Universitetinin dosenti Səbahaddin Şimşirin çıxışları dinlənilib.
Deputat Aydın Hüseynov diqqətə çatdırıb ki, ötən əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan xalqı yenidən milli dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycan xalqını öz ətrafında birləşdirməyə nail olan ümummilli lider Heydər Əliyev tarixi xilaskarlıq missiyası ilə ölkəmizi işıqlı gələcəyə çıxarıb. Azərbaycan təlatümlərdən xilas olub. Xalqımız gələcəyə inamla baxıb və öz müstəqilliyi uğrunda mübarizəsini davam etdirib.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışan professor Xəlil Bal qeyd edib ki, bu gün məhz Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizə sayəsində milli bayrama çevrilib.
Balıkesir Universitetinin dosenti Səbahaddin Şimşir Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi keşməkeşli yollardan, Cümhuriyyət qurucularının fədakarlığından, müstəqilliyimizin dünya birliyi tərəfindən tanınması istiqamətində görülən işlərdən danışıb.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin və Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixləri barədə iştirakçılara müfəssəl məlumat verilib.
Mərasim geniş bədii proqramla davam edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul