İstanbulun Yıldız Texniki Universitetinin professoru Gəncə Dövlət Universitetində ustad dərsi keçib
Gəncə, 8 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, İstanbul Yıldız Texniki Universitetinin professoru, riyaziyyatçı alim Bilal Bilalov Gəncə Dövlət Universitetinin (GDU) Riyaziyyat-informatika fakültəsində ustad dərsi keçib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Elleptik tip tənliklərin müasir problemləri” mövzusunda keçirilən ustad dərsində Bakı Dövlət Universitetinin professoru Telman Qasımov, GDU-nun Riyaziyyat-informatika fakültəsinin professor-müəllim heyəti, doktorantlar və tələbələr iştirak ediblər.
B. Bilalov dərsdə elleptik tip tənliklərin müasir problemləri, onların More, Banax, Sobolev fəzalarında həllinin varlığı şərtləri haqqında geniş məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, riyaziyyat elminin inkişafında xidmətləri olan görkəmli alim Bilal Bilalov 150-dən çox elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir. Onun tərəfindən 5 elmlər, 20 fəlsəfə doktoru hazırlanıb. Professor hazırda Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri vəzifəsində çalışır.