İSTİQLAL MUZEYİNDƏ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 27-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasının 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.
Muzeyin fond şöbəsinin müdiri Aida Axundova tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iki ilə yaxın bir müddətdə dövlətçiliklə əlaqədar qəbul etdiyi əhəmiyyətli qərarlardan, onların həyata keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu direktorunun elmi işlər üzrə müavini, tarix elmləri namizədi Cəbi Bəhramov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən”, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İskəndərov “AXC-nin tarixşünaslığı haqqında”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasının əməkdaşı, tarix elmləri doktoru Əli Məmmədov “Müstəqil Azərbaycan AXC-nin siyasi varisidir”, Daxili İşlər Nazirliyinin “Mübariz keşikdə” qəzetinin əməkdaşı, tarix elmləri namizədi İltifat Əliyarlı “AXC daxili işlər nazirləri-istiqlaliyyətimizi qoruyanlar”, AMEA-nın Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin əməkdaşları Natiq Məmmədzadə, Kamran İsmayılov “AXC iqtisadi model axtarışında”, “AXC dövründə hökumətin mədəni maarifçilik fəaliyyəti” mövzularında məruzələr etmişlər.
İstər məruzələrdə, istəsə də çıxışlarda AXC-nin fəalyyətinin bəzi məqamları diqqətə çatdırılmışdır.
Tədbirdə Milli Aviasiya Akademiyasının, Ali Hərbi Təyyarəçilik Məktəbinin, Bakı Ali Polis Akademiyasının müdavimləri, Prezident Qvardiyasının, Dövlət Sərhəd Xidmətinin zabitləri, AXC dövlət xadimlərinin xələfləri iştirak etmişlər.