MƏDƏNİYYƏT
İstiqlal Muzeyində “Yaşıl vətən, yaşıl dünya” adlı sərgi açılıb
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə “Yaşıl vətən, yaşıl dünya” adlı sərgi təşkil olunub.
İstiqlal Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgi “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunub.
Tədbirdə muzeyin direktoru Sədi Mirseyibli bir neçə gündən sonra Azərbaycanın dünyanın ən böyük, mühüm tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcəyini və ölkəmizin buna ciddi hazırlaşdığını söyləyib. Diqqətə çatdırıb ki, yeni açılan sərgi də məhz bu mövzunu özünə ehtiva edir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru professor, Xalq rəssamı Fuad Salayev sərginin ətraf mühitin qorunması və “yaşıl gələcək” naminə maarifləndirmə istiqamətində mühüm rol oynadığını bildirib.
Akademiyanın prorektoru, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Xalq rəssamı Səlhab Məmmədov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev isə çıxış edərək sərginin Azərbaycan incəsənətində davamlı inkişafın simvolu olduğunu və gələcək nəsillərə ətraf mühitə məsuliyyətli yanaşma mesajı verdiyini vurğulayıblar.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə nümayiş olunan 40-dan çox rəsm əsərində Azərbaycanın zəngin və rəngarəng təbiəti aydın şəkildə öz əksini tapıb.
Bədii hissədə isə Bülbül adına tam orta musiqi məktəbinin şagirdləri canlı ifaları ilə çıxış ediblər.
Sərgi noyabrın 25-dək davam edəcək.