İtaliya A Seriyasının 26-cı turuna yekun vurulub
Bakı, 4 mart, Nicat Məmmədov, AZƏRTAC
İtaliya A Seriyasının 26-cı turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, "San Paolo" stadionunda keçirilən turun mərkəzi qarşılaşmasında son çempion "Yuventus" səfərdə əzəli rəqibi "Napoli" komandasının qonağı olub.
Görüş "Yuventus" klubunun 2:1 hesablı qələbəsi ilə baş çatıb.
Matçın 25-ci dəqiqəsində meydan sahiblərinin qapıçısı Aleks Meret Kriştiano Ronaldoya qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 39-cu dəqiqəsində "Yuventus" hesabı açmağa nail olub. Miralem Pyaniç cərimə zərbəsindən sonra baxımlı qola imza atıb - 0:1.
Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış turinlilər hesab arasındakı fərqi iki topa çatdırıblar. Emre Can dəqiq baş zərbəsi ilə adını tabloya yazdırıb - 0:2.
Fasilədən sonra hücumları artıran meydan sahibləri oyunun 61-ci dəqiqəsində hesabı minimuma endirib. Xose Kalyexon Lorenso İnsinyanın ötürməsini qola çevirib - 1:2.
Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib. Beləliklə, "qoca sinyora" çempionluq yolunda aktivinə vacib 3 xalı yazıb. Yetmiş iki xalla "Yuventus" birinci, 56 xalla "Napoli" ikinci yerdə qərarlaşıb.
"Milan” doğma meydanda “Sassuolo” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
“Milan”a vacib 3 xalı 35-ci dəqiqədə Mateo Mussakionun qolu gətirib. Bu qələbə sayəsində “Milan” xallarının sayını 48 çatdıraraq turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Sassuolo” isə 31 xalla 11-ci yerdə qərarlaşıb.
Turun digər maraq doğuran qarşılaşması “Olimpiko” stadionunda baş tutub. “Latsio” “Roma” ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən derbidə “Latsio” klubu üstün olub (3:0).
İyirmi altıncı turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
"Kalyari"-"İnter" - 2:1;
"Empoli"-"Parma" - 3:3;
"Milan"-"Sassuolo" - 1:0;
"Latsio"-"Roma" - 3:0;
SPAL-"Sampdoriya" - 1:2;
"Genoa"-"Frosinone" - 0:0;
"Udineze"-"Bolonya" - 2:1;
"Atalanta"-"Fiorentino" - 3:1.