İtaliyanın Stromboli adasında Dolçe və Qabbananın villası satışa çıxarılıb
Roma, 25 iyul, AZƏRTAC
İtaliyada məşhur modelyerlər - Domeniko Dolçe və Stefano Qabbananın villası satışa çıxarılıb.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, malikanə Eol adalar qrupunun 7 ən gözəl və füsunkar adalarından birində yerləşir.
Bildirilib ki, malikanənin ümumi sahəsi 500 kvadratmetrdən çoxdur. Bunun 235 kvadratmetrini müxtəlif rənglərlə bəzədilmiş 7 lüks otaq, 300 kvadratmetrini isə yaşıllıqlar təşkil edir. Adaya qayıq və ya helikopterlə getmək mümkündür.
Dolçe və Qabbana Siciliyanın bu cənnət guşəsində əyləncə gecələri təşkil edib, dünya ulduzlarını bir araya toplayıb, 90-cı illərdən başlayaraq hər yay mövsümünü burada keçiriblər.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma