IV Universiadanın Naxçıvan Muxtar Respublikası üzrə seçim mərhələsi başa çatıb
Naxçıvan, 21 oktyabr, AZƏRTAC
“Poliqon” Strateji İntellekt Oyunu üzrə IV Universiadanın Naxçıvan Muxtar Respublikası üzrə seçim mərhələsi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Tibb Kollecində keçirilən yarışda ali və orta ixtisas təhsili müəssisələrinin hər birindən bir komanda olmaqla, 6 komanda iştirak edib.
Əvvəlcə oyunun qaydaları haqqında məlumat verən Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bildirib ki, oyunda I yerin sahibi olan komanda Bakı şəhərində keçiriləcək “Poliqon” Strateji İntellekt Oyunu üzrə IV Universiadanın Respublika birinciliyində muxtar respublikanı təmsil edəcək.
Daha sonra oyuna start verilib.
Dörd mərhələdən ibarət olan oyunda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası 390 xalla I yerə, Naxçıvan Dövlət Texniki Kollecinin “Zəfər” komandası 310 xalla II yerə, Naxçıvan Müəllimlər İnstitutunun “Laçın” komandası isə 250 xalla III yerə layiq görülüb.
Qaliblərə Gənclər və İdman Nazirliyi tərəfindən kubok, diplom, fəxri fərman, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub. Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 36 nəfər gənc iştirak edib.