Jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul üçün qabiliyyət imtahanı keçirilib
Bakı, 2 may, AZƏRTAC
Bir neçə ildir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət etmək imkanı verilir. Həmin bakalavrlar 2019-cu il aprelin 16-dan 25‑dək Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 16 nəfər bakalavr qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib ki, onlardan 15-i Azərbaycan bölməsinin, 1-i isə rus bölməsinin bakalavrıdır.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar mayın 1-də və 2-də DİM tərəfindən təşkil olunan Qabiliyyət İmtahanı Komissiyasının üzvləri qarşısında imtahan veriblər.
DİM-dən AZƏRTAC-a bildirilib ki, komissiyanın tərkibinə jurnalistika üzrə kadr hazırlayan ali təhsil müəssisələrinin və Azərbaycan Mətbuat Şurasının nümayəndələri daxil edilib.
Qabiliyyət imtahanı verənlər sırasında bakalavriat səviyyəsində jurnalistika üzrə təhsil alanlarla yanaşı, kitabxanaçılıq və informasiya, xarici dil müəllimliyi, politologiya ixtisasları üzrə təhsil almış şəxslər də olub. Bu imtahanın nəticələrinə görə, 15 nəfər bakalavr “məqbul” qiymət alıb və jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ əldə edib. Həmin bakalavrlar 2019-cu il mayın 7-dək keçiriləcək proqram seçimi zamanı 44 saylı proqramı seçib təsdiqləməli və ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının mayın 26-da keçiriləcək ikinci mərhələsində jurnalistika üzrə inşa (esse) yazmalıdırlar. İmtahan haqqında ətraflı məlumat və yazı işinə dair tələblər “Magistr” jurnalının 2019-cu il tarixli 3-cü sayında dərc olunub.