“Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimat mərasimi keçirilmişdir
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də Beynəlxalq Mətbuat Mərkəzində “Jurnalistlər üçün hüquqi terminlər lüğəti”nin təqdimat mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, nəşr Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Mətbuat Şurası və Azərbaycan Hüquqşünaslar Assosiasiyası tərəfindən hazırlanmışdır.
Tədbiri giriş sözü ilə açan Baş Prokurorluğun hüquqi təminat və informasiya idarəsi rəisinin müavini, mətbuat xidmətinin rəhbəri Eldar Sultanov kitabın təmsil etdiyi qurumun KİV-lər üçün bu adda hazırladığı sayca ikinci nəşr olduğunu bildirmişdir. O, kitabda Azərbaycan Konstitusiyası, cinayət, cinayət-prosessual, əmək, mülki, inzibati xətalar məcəllələrinin yer aldığını diqqətə çatdırmış, həmçinin jurnalistlər üçün vacib sayıla biləcək qanunların da öz əksini tapdığını qeyd etmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bu təşəbbüsü yüksək qiymətləndirərək, kitabı dövlət orqanları ilə mətbuatın əməkdaşlığına verilən bir töhfə kimi dəyərləndirmişdir. Azərbaycanda mətbuata dövlət qayğısından söhbət açan V.Əliyev ölkədə söz və mətbuat azadlığının müdafiəsinin dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırmışdır. O, hüquqi terminlərin düzgün yazılmasında bu kitabın jurnalistlərə yardımçı vəsait olacağını, digər dövlət qurumlarının da bu istiqamətdə müəyyən addımlar atmasını məqsədəuyğun saydığını bildirmişdir.
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli jurnalistlərdən terminlərdən düzgün istifadəni tələb etmək üçün belə nəşrlərə ehtiyac olduğunu demişdir. Ə.Hüseynli hüquqi nəşrlər seriyasından “Müasir Hüquq Ensiklopediyası”nın hazırlanması işinə də başlanıldığını diqqətə çatdırmışdır.
Təqdimat mərasimində Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli, mətbuat orqanlarının rəhbərləri, jurnalistlər və hüquqşünaslar çıxış edərək nəşrin əhəmiyyətindən danışmışlar.
“Hüquq ədəbiyyatı” nəşriyyatında çapdan çıxmış kitab ilk dəfə 2005-ci ildə nəşr olunmuşdur. Kitabın təkrar nəşrinə səbəb ona əyani vəsait kimi media təmsilçilərinin artan tələbatıdır.
Hüquq elmləri namizədi, Əməkdar Hüquqşünas Eldar Əfəndiyev tərəfindən nəşrə hazırlanan kitab kütləvi informasiya vasitələrinin redaksiyalarına və jurnalist birliklərinə pulsuz paylanması nəzərdə tutulmuşdur.
######
