Kaliforniya qəzeti azərbaycanlı diplomatın Ermənistanın işğalçılıq siyasəti barədə məktubunu dərc edib
Vaşinqton, 31 dekabr, AZƏRTAC
Kaliforniyanın Fresno şəhərində nəşr olunan “Fresno Bee” qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin məktubu dərc edilib. Məktub həmin qəzetdə qondarma “Dağlıq Qarabağ respublikası” haqqında dərc edilmiş məqaləyə cavab olaraq yazılıb.
Məktubda qeyd edilir ki, qondarma “Dağlıq Qarabağ respublikası” Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və bu ərazilərdə aparılmış etnik təmizləmə nəticəsində yaradılmış qeyri-qanuni rejimdir. Vurğulanır ki, qondarma “Dağlıq Qarabağ respublikası” ABŞ və ya hər hansı digər dövlət tərəfindən tanınmayıb.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin beşdə birini işğal etdiyini və 800 mindən çox azərbaycanlının bu torpaqlardan didərgin salındığını yazan baş konsul müqayisə üçün bildirir ki, işğal olunmuş torpaqların ərazisi Fresno vilayətinin ərazisinə bərabərdir. N.Ağayev BMT Təhlükəsizlik Şurasının bu işğalı pislədiyini və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb etdiyini vurğulayır.
Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istədiyini bildirən baş konsul, eyni zamanda, sülhün yalnız Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxaracağı, işğala son verəcəyi və didərgin salınmış azərbaycanlıların öz yurdlarına qayıtmaları nəticəsində mümkün ola biləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Fresno ABŞ-da erməni icmasının ən çox yaşadığı şəhərlərdən biridir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton