CƏMİYYƏT
Kaliforniyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyası təşkil edilib
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San-Dieqoda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş xeyriyyə aksiyası keçirilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, aksiyada San-Dieqoda yaşayan yüzlərlə kimsəsiz və evsiz-eşiksiz şəhər sakininə isti yemək paylanılıb.
Baş konsulluğun təşəbbüsü və dəstəyi ilə təşkil olunan tədbir Kaliforniyanın ən böyük xeyriyyə təşkilatlarından olan “Cou Atanın Kəndləri” (Father Joe’s Villages) sığınacağında keçirilib.
Tədbirdən əvvəl “Cou Atanın Kəndləri” təşkilatının icraçı direktoru C.Varqas ilə görüş olub. İcraçı direktor ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş xeyriyyə aksiyasına ev sahibliyi etmələrindən məmnunluq duyduğunu deyib və aksiyanın San-Dieqoda yaşayan çox sayda kimsəsiz və evsiz-eşiksiz insanın yeməklə təmin olunmasında böyük rol oynadığını vurğulayıb. Bildirilib ki, xeyriyyə tədbiri, eyni zamanda, Azərbaycan xalqının və dövlətinin humanizm prinsiplərinə nə qədər sadiq olmasının göstəricisidir.
Qeyd edək ki, hazırda San-Dieqoda evsiz-eşiksiz 8 mindən çox insan yaşayır.