KARATE ÜZRƏ XVII RESPUBLIKA ÇEMPİONATINA START VERİLMİŞDİR
Bakı, 18 dekabr (AZƏRTAC). Dekabrın 18-də “ABU Arena” idman kompleksində Karatenin WKF versiyası üzrə XVll respublika çempionatının açılışı olmuşdur.
Azərbaycan Milli Karate Federasiyasının (AMKF), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası birgə təşkil etdiyi yarışda Bakı, Sumqayıt, Gəncə və daha 30-dək şəhər və rayondan 400-dək idmançı iştirak edir.
AMKF-nin prezidenti Yaşar Bəşirov bildirmişdir ki, karatenin WKF versiyası üzrə böyüklər, gənclər və yeniyetmələr arasında keçirilən yarışın başlıca məqsədi Azərbaycanda karatenin inkişafı və kütləviliyinə nail olmaq, gənc nəslin mənəvi və fiziki hazırlığını artırmaq, eləcə də onları dünya və Avropa birinciliklərinə, müxtəlif səviyyəli beynəlxalq turnirlərə hazırlamaqla, ən güclü və istedadlı idmançıları seçməkdir.
Azərbaycanda idmanın inkişafına dövlət qayğısından danışan Y.Bəşirov son illərdə idmana gənclərin cəlb edilməsi, müasir idman komplekslərinin əhalinin istifadəyə verilməsi sahəsində bir sıra mühüm işlərin görüldüyünü bildirmişdir. Heç də təsadüfi deyildir ki, Azərbaycan indi dünyanın idman mərkəzinə çevrilmişdir. Bir sıra mötəbər turnirlərin məhz ölkəmizdə keçirilməsi respublikamızda idmanın inkişafına güclü təkan verməklə yanaşı, gənclərdə idmana marağın artmasına səbəb olmuşdur.
Qeyd edək ki, əsas rəqabət “Neftçi” və DİN İdman Cəmiyyətlərinin, “Qara-Qaplan”, “Çempion”, “Musado”, “MKM” və daha 20-dək klubun, həmçinin Şotokan, Qocyu-Ryu, Şito-Ryu, ənənəvi, kontakt karate və Ciu-Citsu federasiyalarının yetirmələri arasında olacaqdır.
Bütün yaş qrupları üzrə fərdi kata nümayişləri yarışın ilk günü - dekabrın 18-də keçirilmişdir. Fərdi kumite yarışları isə 2 gün davam edəcəkdir. Əvvəlcə 14-15 yaşlı yeniyetmə oğlanlar arasında 5, qızlar arasında isə 3 çəki dərəcəsinin mükafatçıları məlum olacaqdır. Yarışın ilk günü həmçinin 16-17 yaşlı oğlanlar arasında 5, qızlar arasında isə 4 çəki dərəcəsinin görüşləri keçirilmişdir.
Fərdi kumite turniri dekabrın 19-da daha 2 yaş qrupu üzrə yarışlarla başa çatacaqdır. 18-20 yaşlı oğlan və qızlar 3 çəki dərəcəsində mübarizə aparacaqlar. Daha maraqla gözlənən böyüklərin yarışları da ertəsi gün olacaqdır. Kişi və qadın karateçilər 5 çəki dərəcəsində mükafatçılar uğrunda mübarizə aparacaqlar.
Ölkə çempionatında fərqlənən idmançılar seçmə komandaların heyətinə cəlb edilməklə dünya və Avropa çempionatlarında, eləcə də müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.