KARVANSARA TİPLİ QALA KOMPLEKSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyev sentyabrın 24-də Tovuz şəhərinin girəcəyində turizm marşrutuna daxil edilmək məqsədi ilə qədim memarlıq üslubunda tikilmiş karvansara tipli qala kompleksi ilə tanış olmuşdur.
Üçmərtəbəli kompleksin ümumi sahəsi 1560 kvadratmetrdir. Kompleks şəhərə gələn qonaqları və turistləri ətraflı məlumatlandırmaq baxımından və gəzintisi üçün çox maraqlıdır. Burada qədim zamanlardan bəri bu ərazidə yaşayan insanların istifadə etdiyi məişət əşyaları toplanmışdır.
Prezident İlham Əliyev qalanın içərisini gəzdi, 1813-1828, 1918-1920-ci illərə və müasir dövrə aid xəritələrə baxdı.
Dövlətimizin başçısına məlumat verildi ki, kompleks rayon ərazisindəki eramızdan əvvəl 1-ci minilliyə aid edilən Torpaqqalanın, IV əsrə aid Şəmşədil qalasının və VI əsrə aid Köhnəqala abidələrinin rəmzi bərpasıdır.
Prezident İlham Əliyev Tovuzun qədim tarixi və zəngin təbiəti olduğunu vurğulayaraq dedi ki, burada turizmin inkişafı üçün şərait yaradılması zəruridir.
Dövlətimizin başçısı qalanın önündə xatirə şəkli çəkdirdi.
######
![]() |
![]() |
![]() |


