DÜNYA
Katarakta Avropada ən çox edilən əməliyyat olub
Bakı, 12 oktyabr, AZƏRTAC
2022-ci ildə Avropada ən çox edilən əməliyyatlar katarakta, qeysəriyyə əməliyyatı və laparoskopik histerektomiya olsa da, prosedurların tezliyi ölkələr arasında çox fərqlidir. Katarakta əməliyyatı Avropada ən çox edilən cərrahi əməliyyatlardan biridir.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika Ofisi “Eurostat”ın məlumatlarına görə, 2022-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində 4,73 milyon dəfə həyata keçirilən bu prosedur 16 ölkədə hər 100 min nəfərə 1000 dəfədən çox icra edilib.
Fransada 100 min nəfərə 1493 əməliyyatla ən yüksək göstərici, Rumıniyada isə ən aşağı göstərici, 500-dən az əməliyyat qeydə alınıb. Qeysəriyyə əməliyyatı isə Avropada geniş yayılmış başqa bir cərrahi əməliyyatdır. Bu əməliyyat 2022-ci ildə Aİ-də ən azı 1,10 milyon dəfə, əsasən də Kipr və Rumıniyada aparılıb. Kiprdə hər 100 min nəfərə 681,6, Rumıniyada 446,9 qeysəriyyə əməliyyatı edildiyi halda, Finlandiyada bu göstərici 157,3 ilə ən aşağı olub.
Avropada xolesistektomiya, diz dəyişdirmə, appendektomiya, histerektomiya və süd vəzilərinin çıxarılması ən çox yayılmış tibbi prosedurlar sırasındadır. Xolesistektomiya və appendektomiya kimi əməliyyatlar Aİ ölkələri arasında daha az dəyişkən, süd vəzilərinin qismən kəsilməsi isə geniş dəyişkənlik göstərib. Belçikada bu prosedur hər 100 min nəfərə 141,4 dəfə həyata keçirilib, Polşada isə göstərici 14,2 qədər aşağı olub. Əhali sayından asılı olaraq laparoskopik histerektomiya, yəni videokamera vasitəsilə həyata keçirilən vaginal histerektomiya AB ölkələrində daha çox yayılmaqdadır. Bir çox Aİ ölkələrində qasıq yırtığının bərpası, katarakta əməliyyatları və total diz protezləri də artıb. İnkişaf edən cərrahi üsullar və artan tələbat səbəbindən demək olar ki, bütün ölkələrdə bu prosedurlar daha tez-tez həyata keçirilir.
Son illərdə laparoskopik üsullarla aparılan histerektomiya və appendektomiya əməliyyatları artsa da, bu əməliyyatların ümumi tezliyi azalıb. 2012-2022-ci illərdə Aİ-nin 25 ölkəsindən 17-də qeysəriyyə əməliyyatı nisbətlərində azalma müşahidə olunub. Katarakta cərrahiyyəsində stasionar prosedurlardan istifadənin azalması demək olar ki, bütün Aİ ölkələrində də qeydə alınıb.