Keçən il Gürcüstanda təbii artımda 15,7 faiz azalma qeydə alınıb
Tbilisi, 30 mart, AZƏRTAC
Keçən il Gürcüstanda təbii artım illik müqayisədə 15,7 faiz azalaraq 4 min 614 nəfər olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 2018-ci ildə Gürcüstanda 51 min 138 körpə dünyaya gəlib. Bu da 2017-ci illə müqayisədə 4 faiz azdır. Yeni doğulan körpələrin 26 min 538-i oğlan, 24 min 600-ü qız uşaqları olub.
Hesabat dövründə ən çox artım paytaxt Tbilisidə qeydə alınıb - 16 min 161 uşaq. Ən çox azalma isə Raça-Leçxumi və Kvemo Svaneti bölgələrində qeydə alınıb - bu bölgələrdə 328 uşaq dünyaya gəlib.
Keçən il ölüm halları 2017-ci illə müqayisədə 2,7 faiz azalaraq 46 min 524 nəfər təşkil edib.
Ötən il Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində də təbii artımda azalma qeydə alınıb. 2018-ci ildə bu bölgədə təbii artım 1654 nəfər olub. Bu da 2017-ci illə müqayisədə 688 nəfər və ya 29,3 faiz azdır. Hesabat ilində Kvemo Kartli bölgəsində 2 min 666 nikah, 994 boşanma faktı qeydə alınıb.
Ötən il Gürcüstanda ümumilikdə 23 min 202 nikah, 10 min 288 boşanma olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi