KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ ŞƏKİDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
AZƏRTAC- ın müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi Şəkidə «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli Sərəncamından irəli gələn məsələlərə həsr olunmuş zona müşavirəsi keçirilmişdir.
Müşavirədə Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları icra hakimiyyətləri aparatlarının aqrar məsələlər şöbələrinin rəhbərləri, kənd icra nümayəndəlikləri və bələdiyyə qurumlarının təmsilçiləri, aqrar sahədə çalışan mütəxəssislər, fermerlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov açmışdır. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev adı çəkilən sərəncam və bu sənədin icrası ilə əlaqədar Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli qərarından irəli gələn məsələlərlə bağlı geniş məruzə etmişdir.
Qeyd olunmuşdur ki, yanvarın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin sosial-iqtisadi yekunlarına və 2007-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasından dərhal sonra, yanvarın 23-də dövlət başçısı «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» Sərəncam imzalamışdır. Sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, həmin məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədi ilə məhsul istehsalından ötrü istifadə olunan yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılmışdır. Bu sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabineti 15 fevral tarixli qərar ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacağa, motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti, digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları təsdiq edilmişdir.
Natiq həmin qərarlar, bu qərarlarda qeyd olunan digər məsələlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermiş, sənədlərin tərtibi zamanı meydana çıxan məsələlərin həlli ilə bağlı metodiki tövsiyələrini bildirmiş, müşavirə iştirakçılarının çoxsaylı suallarına aydınlıq gətirmişdir. Müşavirənin işində «Aqrolizinq» ASC sədrinin müavini Aydın Əzizov iştirak etmişdir.
Zona müşavirəsinin iştirakçıları Azərbaycan Prezidentinin Sərəncamı və bu sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Qərarının aqrar bölmənin texnika və gübrələrlə təchizatının yaxşılaşmasında və məhsul istehsalının daha da artmasında mühüm rol oynayacağına əminliyini ifadə etmiş, bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.