KİBERFIRILDAĞA GÖRƏ 72 İL HƏBS CƏZASI GÖZLƏYİR
AZƏRTAC xəbər verir ki, Antalya Vilayət Məhkəməsi kiberfırıldağa görə 72 ilədək həbs cəzası almaq ehtimalı olan ukraynalı xaker Maksim Yastremskinin işinə baxmağa başlamışdır.
Yastremskini Türkiyənin Kemer şəhərində tutmuşlar. Amerika xüsusi xidmət orqanlarının məlumatına görə, bir ay əvvəl onu dünyanın 13 ölkəsində müxtəlif bank hesablarında yerləşdirdiyi 10 milyon dollardan artıq vəsaiti qanunsuz mənimsəməkdə ittiham etmişlər.
Antalya məhkəməsinin artıq ukraynalının işini araşdırmağa başladığına baxmayaraq, Yastremskinin məhkəməsinin harada aparılması məsələsi fəal müzakirə olunur. Ukrayna XİN-in mətbuat xidmətinin əməkdaşı Vasili Kiriliç bildirmişdir ki, Yastremski beynəlxalq axtarışda olduğuna və həm də xaricdə tutulduğuna görə, Ukrayna onun vətənə qaytarılması haqqında məsələ qaldıra bilməz.
Hüquqşünaslar isə bildirirlər ki, Ukrayna yalnız burada törədilmiş cinayətlərə görə cəzalandırmaq məqsədi ilə ukraynalının ekstradisiyasını tələb edə bilər. Bununla belə, Türkiyə indiki vəziyyətdə onu öz ərazisində, ABŞ isə öz ərazisində törədilmiş cinayətlərə görə mühakimə edə bilər. Belə ki, Türkiyənin ədalət məhkəməsindən sonra Yastremskini Amerika femidası da gözləyə bilər.
ABŞ xüsusi xidmət orqanlarının məlumatına əsasən, ukraynalı internet vasitəsilə 50-60 min kredit kartının və Amerika restoran şəbəkələrindən birinin məxfi informasiyasının saxlandığı terminalın kodundan istifadə etmişdir. Bundan başqa, onu kredit kartlarının 1200 türkiyəli sahibi haqqında məxfi məlumatları oğurlamaqda ittiham edirlər.
Yastremski təkbaşına deyil, cinayət yoldaşları - estoniyalı Aleksandr Suvorov və amerikalı Albert Qonsales ilə birgə işləyirmiş.