“Kimyaçılar” dərnəyinin üzvləri Aşqarlar Kimyası İnstitutunda olublar
Bakı, 14 mart, AZƏRTAC
Paytaxtın 216 nömrəli tam orta məktəbində fəaliyyət göstərən “Kiçik Akademiya”nın “Kimyaçılar” dərnəyindən seçilmiş yeni 4 üzvü dərnək rəhbəri Saçlı Hüseynovanın təşkilatçılığı ilə akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda ekskursiyada olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şagirdlər institutun gənc alimlərinin təqdimatında laboratoriyalarda müasir fiziki-kimyəvi cihaz və avadanlıqların iş prinsipini öyrəniblər, bəzi əyləncəli-öyrədici təcrübələri izləyiblər.
Sonra şagirdlər institutun icraçı direktoru kimya elmlər doktoru, professor Əfsun Sucayevlə görüşüblər. O, şagirdlərə Aşqarlar Kimyası İnstitutunun yaranma tarixindən, elmi fəaliyyət istiqamətlərindən, institutda aparılan fundamental tədqiqatlardan, əldə olunan nailiyyətlərdən danışıb, gələcəyin istedadlı mütəxəssislərinə öz məsləhətlərini verərək qeyd edib ki, belə görüşlərin məktəblilərin elmə həvəsləndirilməsində rolu böyükdür.
Daha sonra professor şagirdlərə müəllifi olduğu kitabları hədiyyə edib.
Görüşün sonunda şagirdlərin çoxsaylı sualları cavablandırılıb.