KİNO HƏFTƏSİ ÇƏRÇİVƏSİNDƏ “GİROV” FİLMİ NÜMAYİŞ ETDİRİLMİŞDİR
Bakı, 28 iyul (AZƏRTAC). İyulun 28-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino evində təşkil edilmiş kino həftəsi çərçivəsində yazıçı Natiq Rəsulzadənin ssenarisi əsasında xalq artisti, kinorejissor Eldar Quliyevin çəkdiyi “Girov” filmi nümayiş etdirilmişdir.
Filmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və müharibənin ağrı-acılarından bəhs edilir. Bu film vasitəsilə dünya xalqları ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlər haqqında ətraflı məlumat əldə edə bilmişlər. “Girov” son illərdə xaricdə satılan Azərbaycan filmidir. Bu ekran əsəri Polşada DVD-də yayılmışdır və beynəlxalq festivallarda A klassında təqdim edilmişdir. Bundan əlavə, film bir çox beynəlxalq festivallarda uğurla nümayiş etdirilmişdir.
Milli Kino günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin və “Təkan” Tələbə Gənclər İctimai Birliyinin birgə layihəsi olan kino həftəsi iyulun 31-dək davam edəcəkdir.
Həftə çərçivəsində son vaxtlar çəkilən “Küçələrə su səpmişəm”, “Yalan”, “Arxada qalmış gələcək”, “Hökmdarın taleyi”, “Ev” və “Ərazi” filmləri nümayiş olunacaqdır.