Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Kiyev, 30 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə ölkəmizin Ukraynadakı səfirliyi Kiyevdə bayram gecəsi təşkil edib.
Səfir Eynulla Mədətli qonaqları salamlayaraq xalqımızın ən sevimli bayramlarından birinin - ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün çox əhəmiyyətli olduğunu qeyd edib.
Daha sonra o, 2014-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daxili və xarici siyasət sahəsində qazandığı müvəffəqiyyətlərdən danışıb. Diplomat deyib: “Azərbaycan bütün dünyaya bir daha nümayiş etdirdi ki, inkişaf edən iqtisadiyyatı olan, bütün sahələrdə sistemli islahatlar aparan, sabit və tərəqqi edən bir ölkədir, beynəlxalq aləmdə rəsmi Bakının rəyi ilə hesablaşırlar”.
Diplomat bildirib ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının” təsdiq edilməsi haqqında Sərəncam imzalaması başa çatmaqda olan 2014-cü ilin yaddaqalan məqamı olub.
Diplomatik nümayəndəliyimizin rəhbəri qeyd edib ki, Azərbaycan Yeni, 2015-ci ili nikbinlik və inamla qarşılayır. Tarixdə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi həmin ilin əsas hadisələrindən biri olacaq.
Səfir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciətini toplaşanların diqqətinə çatdırıb və həmvətənlərimizi xalqın birliyi bayramı ilə əlaqədar təbrik edib.
Sonra Dnepropetrovsk Vilayət Sovetinin deputatı Fəxrəddin Muxtarov, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyev, Ukrayna-Azərbaycan dostluğu beynəlxalq xeyriyyə fondunun prezidenti İlqar Abbasov, Ukraynanın Xalq Rəssamı, heykəltəraş Seyfəddin Qurbanov (Xarkov) Qafqaz Xalqlarının Ümumukrayna Konqresinin rəhbəri Paşa Məmmədov, Ukraynadakı Azərbaycanlı Gənclər İttifaqının sədri İlhamə Allahverdiyeva, Şeyx Şakir (Yəhyayev), sahibkar Lyudmila Abbasova, “Kiyev - Mogilyov Akademiyası” Milli Universitetini dosenti Fərhad Turanlı və başqaları bayram münasibətilə toplaşanları təbrik ediblər.
Qəbulda səfirliyimizin əməkdaşları, Azərbaycanın Ukraynadakı dövlət şirkətlərinin, Ukrayna Azərbaycanlılarının Birləşmiş diasporunun, bu ölkənin bir çox regionlarındakı icmalarımızın, “Azərbaycançılıq İnstitutu” beynəlxalq ictimai təşkilatının, habelə gənclərimizin nümayəndələri iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev