Kiyevdə epidemioloji vəziyyətə görə kafe və restoranlar hələlik işləmir
Kiyev, 9 iyun, AZƏRTAC
Koronavirusa yoluxma hallarının yüksək olması səbəbindən Kiyev epidemioloji tədbirlərin növbəti yumşaldılma mərhələsinə keçə bilmir. Restoran, kafe və hovuzların tam şəkildə fəaliyyət göstərmələrinə hələlik icazə verilmir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Facebook” səhifəsində şəhər rəhbərinin məsləhətçisi Vladimir Bondarenko məlumat verib. O, Ukrayna paytaxtının 33 sakinində ötən gün laboratoriya üsulu ilə COVID-19-a yoluxma faktının aşkarlandığını bildirib. Bondarenko əlavə edib ki, bu rəqəm əvvəlki göstəricilərdən aşağı olsa da, Ukrayna Nazirlər Kabinetinin insidensiya nisbətini əhalinin hər 100 min nəfəri üçün 15,23 nəfərədək müəyyənləşdirməsi Kiyevə epidemioloji tədbirlərin daha yumşaq mərhələsinə keçməsinə əsas vermir.
Qeyd edək ki, Ukrayna hökuməti göstəricilərin müəyyən edilmiş hədlər çərçivəsində olduğu şəhərlərin çoxunun növbəti yumşalma mərhələsinə keçmələrinə, o cümlədən həmin şəhərlərdə iyunun 5-dən etibarən restoran, kafe və hovuzların fəaliyyətinə icazə verib.
Ukrayna Səhiyyə Nazirliyinin son məlumatlarına görə, Volın, Jitomir, Zakarpatye, Lvov, Roven, Ternopol, Çernovitsk vilayətləri və Kiyev karantin rejiminin yumşaldılmasına hazır deyil. İnsidensiya səviyyəsi (əhalinin 100 min nəfərinə nisbətdə son 7 gün ərzində COVID-19-a yeni yoluxma hallarının ümumi sayı) regionlarda yol verilən göstəriciləri üstələyir.
Ukraynada bu günədək 27 min 856 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Onlardan 12 min 412 nəfəri sağalıb, 810 nəfəri isə həyatını itirib.
Rüstəm Məmmədov
Kiyev