Kiyevdə keçirilmiş beynəlxalq konfransda Ukrayna-Azərbaycan strateji əlaqələrindən bəhs edilib
Kiyev, 2 aprel, AZƏRTAC
Kiyevdə, Ukrayna Milli Elmlər Akademiyasının Dünya Tarixi İnstitutunda “Dünya tarixi və beynəlxalq əlaqələrin aktual problemləri kontekstində tərəfdaşlıq strategiyaları və əməkdaşlıq” adlı beynəlxalq elmi-təcrübi konfrans keçirilib.
Litva və Moldovanın elm-təhsil müəssisələrindən alimlərin iştirak etdikləri konfransı Dünya Tarixi İnstitutunun direktoru Andrey Kudryaçenko açıb.
Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev çıxış edərək tədbirin keçirilməsinin 31 mart tarixinə təsadüf etdiyini xatırladıb və 1918-ci ilin həmin günündə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımından danışıb.
Konfransın ilk plenar iclasında Andrey Kudryaçenko “Ukrayna-Azərbaycan strateji əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. O, ölkələrimiz arasında tarixi əlaqələrdən danışaraq, ikitərəfli münasibətlərdə müstəqilliyimiz bərpa edildikdən sonra əldə olunan nailiyyətlər barədə məlumat verib. A.Kudryaçenko Azərbaycan və Ukraynanın bir-birini bütün məsələlərdə dəstəklədiyini qeyd edərək, 2014-cü ilin mart ayında Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinə sadiq qalaraq BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünün qorunmasının lehinə səs verdiyini xatırladıb. O, ikitərəfli humanitar əlaqələrin əhəmiyyət kəsb etdiyini vurğulayıb, səfirlik tərəfindən keçirilən tədbirlərin bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib.
A.Kudryaçenko Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını da diqqətə çatdırıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev